Regional turizm imkanlarının gücləndirilməsi, yerli sakinlərin turizm fəaliyyətinə cəlb olunması, kənd yerlərində məşğulluğun artırılması və kiçik sahibkarlığın dəstəklənməsi məqsədilə Ağdərə rayonunun Vəngli kəndində "Kənd turizmi və qonaq evlərinin təşkili" mövzusunda təlim keçirilib.
Hafta.az xəbər verir ki, təlim Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyin dəstəyi, Qarabağ Regional Turizm İdarəsinin təşkilatçılığı ilə baş tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə kənd turizminin inkişafına dəstək vermək, yerli sakinlərin turizm sahəsində bilik və bacarıqlarını artırmaq, qonaq evlərinin səmərəli idarə olunması üzrə praktiki vərdişlərin formalaşdırılması, həmçinin regionun turizm potensialından dayanıqlı şəkildə istifadəyə töhfə vermək olub.
Bildirilib ki, Kiçik Qafqaz dağlarının ətəklərində yerləşən Vəngli kəndi zəngin meşə örtüyü, dağ çayları, əlverişli təbii landşaftı, təmiz ekoloji mühiti və tarixi-mədəni irsi ilə seçilərək regionun turistlər üçün cəlbedici məkanlarından birinə çevrilib. Son illərdə kənddə aparılan bərpa və yenidənqurma işləri, yol infrastrukturunun müasirləşdirilməsi burada ekoturizm və aqroturizmin inkişafı üçün əlverişli şərait yaradıb.
Təlimçi, Qarabağ Universitetinin müəllimi, "Kənd Yaşıl Turizminin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Qəhrəman Yusubov iştirakçılara qonaq evlərində yerləşdirmə və rezervasiya prosesinin təşkili, turistlərin qarşılanması, xidmət mədəniyyəti, effektiv ünsiyyət, sanitariya-gigiyena normaları və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verib.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə turizm infrastrukturunun inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və yerli əhalinin bu sahədə biliklərinin artırılması məqsədilə analoji təlim və maarifləndirici tədbirlərin gələcəkdə də təşkili planlaşdırılır.